DÜNYA
ALTI POTENSİAL KOSMONAVT MARSA KOSMİK SƏYAHƏTƏ OXŞAR 520 GÜNLÜK SINAĞA BAŞLAYIR
Bakı, 2 iyun (AZƏRTAC). İyunun 3-də “Mars-500” layihəsi çərçivəsində 6 potensial kosmonavt Qırmızı planetə və geriyə uçuşa oxşar 520 günlük sınağa başlayacaqdır. Üç rusiyalı, habelə çinli, fransız və italiyalı kosmonavtlar Moskva yaxınlığındakı xüsusi anbarda ümumi sahəsi 180 kvadratmetr olan stimulyatorda uzun müddət telefonsuz və internetsiz bir yerdə qalacaq, özlərini planetlərarası səyahətçilər hesab edəcək, təmizlənmiş hava ilə nəfəs alacaq, 10 gündən bir çiməcək, “uçuş aparatı”nda 8 saat işləyəcək və elmi eksperimentlər aparacaq, 8 saat yatacaq və 8 saat dincələrək şəxsi işləri ilə məşğul olacaqlar. Uçuşu idarəetmə mərkəzi ilə heyət arasında bütün danışıqlar 20 dəqiqə fasilə (Siqnalın Marsdan Yer Kürəsinə və geriyə çatması üçün tələb olunan müddət) ilə aparılacaqdır. Heyət üzvləri 24 saat müşahidə altında olacaqlar.
Eksperimentin təşkilatçıları Avpopa Kosmik Agentliyinin (AKA) və Rusiyanın Biotəbabət Problemləri İnstitutunun əməkdaşları ümid edirlər ki, layihə belə missiyanın reallıqda necə olacağını anlamağa imkan verəcəkdir.