ELM VƏ TƏHSİL


AMEA–da “Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən (XX əsrin 30-cu illəri)” kitabının təqdimatı olmuşdur

Bakı, 13 iyun (AZƏRTAC). İyunun13-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) filologiya elmləri doktoru, professor, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin tərtibçisi və elmi redaktoru olduğu “Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən (XX əsrin 30-cu illəri)” kitabının təqdimatı keçirilmişdir.

MEK-in və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İnstitutun direktoru, akademik Bəkir Nəbiyev ötən əsrin əvvəllərində Polşada mühacirət nəşriyyatlarında dərc olunan Azərbaycan siyasi mühacirət nümayəndələrinin elmi ictimaiyyətə məlum olmayan publisistik və tarixi-ədəbi irsinin nümunələri toplanan kitabın məziyyətlərindən, ictimai-siyasi əhəmiyyətindən danışmışdır. Akademiyanın əməkdaşlarının mühacir ədəbiyyatı nümunələrini toplamaq üçün bir çox xarici ölkələrə ezam olunduqlarını diqqətə çatdıran B.Nəbiyev təqdim olunan kitabın bu sahədə ədəbiyyatşünaslığımıza dəyərli töhfə olduğunu vurğulamışdır.

AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli kitab haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, professor V.Quliyev kitabı tərtib etməklə yanaşı, ön söz və buradakı 550 məqaləyə şərh yazmışdır. Topluya ölkəmizin Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənov rəy vermiş, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Asif Rüstəmli geniş sözardı yazmışdır. Üç bölmədən ibarət kitab V.Quliyevin “Söz və fikir mübarizləri” məqaləsi ilə açılır.

Əsərdə XX əsrin 30-cu illərində Polşada əsasən rus dilində nəşr edilən “Şimali Qafqaziya” və “Qafqaziya dağlıları” jurnallarında Azərbaycanın görkəmli siyasi mühacirlərinin çap olunan məqalələri, o cümlədən Məmməd Əmin Rəsulzadə, Miryaqub Mirmehdiyev, Mirzə Bala Məhəmmədzadə, Əli Azərtəkin, İsrafil bəy İsrafilbəyov, Cahangir bəy Kazımbəyov, Nağı Bayramlı və gizli imza ilə yazan digər müəlliflərin əsərləri yer almışdır.

Bildirilmişdir ki, son illər Azərbaycan mühacirət ədəbiyyatı qaynaqlarının ciddi araşdırılmasına, sanballı monoqrafik işlərin işıq üzü görməsinə baxmayaraq yeni toplunun fərqli və üstün cəhətləri vardır. Belə ki, burada əksini tapan ədəbi-tarixi, siyasi-publisistik materiallar tədqiqatlardan kənarda qalmış, bu mənbələrə istinad edilməmişdir. Cümhuriyyət dövrünün hərbi, ictimai-siyasi mənzərəsini özündə əks etdirən, tariximizin qaranlıq və naməlum məqamlarına işıq salan, zəngin faktları ilə yüksək elmi dəyərlərə malik mətnlər, materiallar bu nəşrdə üstünlük təşkil edir.

Professorlar Qəzənfər Kazımov, Nazif Qəhrəmanlı, AMEA Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov və digər çıxış edənlər V.Quliyevin elmi yaradıcılığını, xüsusilə də “Polşadakı Azərbaycan siyasi mühacirlərinin irsindən” əsərini yüksək qiymətləndirmiş, müəllifə yeni uğurlar arzulamışlar. Bildirmişlər ki, bu nəşr Azərbaycan mühacirət ədəbiyyatının daha dərindən araşdırılması, öyrənilməsi istiqamətində tarixçilər, ədəbiyyatşünaslar, tədqiqatçılar və jurnalistlər üçün əvəzsiz mənbədir.

Professor V.Quliyev Macarıstanın paytaxtından virtual bağlantıya qoşularaq yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Tədbir çərçivəsində V.Quliyevin əsərlərindən ibarət sərgi keçirilmişdir.

######

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.