ELM VƏ TƏHSİL
AMEA-da Türkiyə texnoparklarının təcrübəsi öyrənilır
Bakı, 22 iyul, AZƏRTAC
AMEA Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov və Radiasiya Problemləri İnstitutunun aparıcı mühəndisi Namiq Heydərov Türkiyə texnoparklarının təcrübəsinin öyrənilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq, o cümlədən birgə proqram və layihələrin icrası imkanlarının müzakirə edilməsi məqsədilə bu ölkədə səfərdə olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, nümayəndələr Ankara Bilkent Universitetinin “Cyberpark”ında, Orta Şərq Texniki Universitetinin Texnoparkında (ODTÜ Teknokentin), Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ), Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisində və Nevşehir Hacı Bektaş Veli Universitetində keçirilən görüşlərdə iştirak ediblər.
Görüşlərdə AMEA YTP-nin texnologiyaların transferi və inkubasiya sahələrində inkişafına dəstək verən proqramların təşkili, texnopark quruculuğu istiqamətində digər fəaliyyətlər, Bakıda TUSAŞ-ın mühəndislik ofisinin yaradılması, eləcə də azərbaycanlı tədqiqatçı və mühəndislərin Ankarada ixtisasartırma proqramlarına cəlb edilməsi, “Digital Europe”, “Horizon Europe” layihələri üzrə birgə əməkdaşlıq, kompüter mühəndisliyi sahəsində “Erasmus+” proqramı üzrə azərbaycanlı tələbələrin Nevşehir Hacı Bektaş Veli Universitetində təhsilini təkmilləşdirmələri ilə bağlı məsələlər müzakirə edilib.
Səfər çərçivəsində Nevşehir Hacı Bektaş Veli Universitetinin nəzdində fəaliyyət göstərən Kapadokiya Texnoparkında AMEA nümayəndələri üçün iki günlük təlim keçirilib. Tədbirlərdə texnoparkların fəaliyyət mexanizmi, texnoloji transfer və kommersiyalaşdırılma prosesləri, biznes inkubasiya, əqli mülkiyyət, akademiya-sənaye əməkdaşlığına dair geniş təqdimatlar edilib.