ELM VƏ TƏHSİL
AMEA-da konfrans: gender bərabərliyi, əmək hüquqları və elm
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Gender bərabərliyi, əmək hüquqları və elm” mövzusunda konfrans keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransı AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov açaraq ölkəmizdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı məsələlərə daim xüsusi önəm verildiyini söyləyib. Qeyd edib ki, kişi və qadınlar arasında hüquq bərabərliyi Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı şəkildə əksini tapıb, eləcə də ölkəmizdə bu sahədə bir sıra beynəlxalq sazişlər ratifikasiya edilib, gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə üzrə qanunlar qəbul olunub. AMEA-nın ictimai həyatında qadınların fəal rol oynadığını deyən H.Qurbanov 2018-ci ildə akademiyada Qadınlar Şurasının yaradıldığını və qısa vaxtda bu təşkilat tərəfindən ciddi işlərin görüldüyünü bildirib.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova son illər Azərbaycanda gender bərabərliyinin təşviqi istiqamətində həyata keçirilən işləri diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdəki rolu və mövqeyinə diqqət artırılıb, onların peşə fəaliyyəti, ailədaxili münasibəti, təhsil hüquqları ilə bağlı qanunvericilik istiqamətində mühüm qərarlar qəbul edilib. Azərbaycanın gender problemləri ilə bağlı Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini deyən N.Axundova 2006-cı ildən etibarən ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət göstərdiyini xatırladıb. Akademik bu gün Azərbaycan qadınının dövlətimizin ali strukturlarında təmsil olunduğunu, respublikanın sosial, siyasi, iqtisadi quruculuğunda aktiv rol oynadığını vurğulayıb.
Daha sonra Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru, professor Rəna Mirzəzadə çıxış edərək qadınların AMEA-nın elmi-ictimai həyatındakı rolundan və fəaliyyətindən danışıb.
Sonda fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəflinin “Azərbaycan elminin gender mənzərəsi” və hüquq üzrə fəlsəfə doktoru Bəhruz Kərimovun “Azərbaycan Respublikasının əmək qanunvericiliyində qadın hüquqları” mövzularında məruzələri dinlənilib.