ELM VƏ TƏHSİL
AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA Humanitar və İctimai Elmlər Bölməsinin 2012-ci ilin hesabatı ilə bağlı növbəti büro iclası keçirilmişdir.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, iclasda Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev elmi-tədqiqat müəssisələrinin 2012-ci ildəki elmi-təşkilati fəaliyyəti və bölmə üzvlərinin illik fəaliyyəti haqqında məruzə etmiş, müəssisələrin elmi istiqamətləri üzrə əldə etdikləri mühüm nəticələr müzakirə olunmuşdur.
Büro iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın tarixində mühüm hadisələrlə bağlı imzaladığı fərman və sərəncamların vacibliyindən söhbət açılmış, Dövlət proqramlarının icrasından, ölkəmizin bir sıra görkəmli mədəniyyət xadimlərinin, elm və ədəbiyyat nümayəndələrinin yubileylərinin keçirilməsindən, bununla bağlı institutların gördükləri işlərdən bəhs olunmuşdur.