ELM VƏ TƏHSİL
AMEA-nın Mikrobiologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 23 noyabr, AZƏRTAC
AMEA-nın Mikrobiologiya İnstitutu ilə Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin “Mikroorqanizmlərin Respublika kolleksiyası” dövlət müəssisəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə AZƏRTAC-a Mikrobiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, beş ili əhatə edəcək memoranduma əsasən mikroorqanizm kulturalarının kolleksiyasının yaradılması və bununla bağlı layihələr, həmçinin mikrobiologiya, biotexnologiya sahəsində birgə tədqiqatlar aparılması nəzərdə tutulur. Bundan əlavə, kadr hazırlığı sahəsində hər iki müəssisə elmi konfrans və seminarların təşkili ilə bağlı əməkdaşlıq edəcək.
Sonra qonaqlar institutun Elmi şurasında “Mikroorqanizmlərin respublika kolleksiyası”nda aparılan işlər haqqında təqdimatla çıxış ediblər.
Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov qonaqlara sertifikatlar təqdim edib.
Memoranduma əsasən qarşı tərəfin iki əməkdaşı Gülmira Bisenova və Janar Tekebayeva Mikrobiologiya İnstitutunun laboratoriyalarında aparılan tədqiqatlarla tanış olublar.