CƏMİYYƏT
AQTA əməkdaşları Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb
Bakı, 17 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) maarifləndirici tədbirlər çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşüb.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd tələbələrə Dünya Qida Günü barədə məlumat vermək, israfçılığın fəsadlarını diqqətə çatdırmaq, qida təhlükəsizliyi anlayışını təbliğ etmək və onlara qida təhlükəsizliyi vərdişlərini aşılamaq olub.
Görüşdə tədbir iştirakçılarına agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar verilib və “Qida zənciri”ni əks etdirən videoçarx təqdim olunub. Agentlik əməkdaşları “16 oktyabr–Dünya Qida Günü”, “Qida məhsulları alarkən nələrə diqqət edilməli” mövzularında təqdimatlar edib və “Mən qidayam” adlı videoçarx nümayiş olunub. Tələbələrə sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.
Görüşdə agentliyin mütəxəssisləri tələbələri maraqlandıran suallara cavablar veriblər.