CƏMİYYƏT
AQTA rəsmisi: “Azərbaycanda ziyanvericilərə qarşı mübarizə planı hazırlanır”
Tbilisi, 14 mart, AZƏRTAC
“Dünyanın bir çox ölkəsində, eləcə də Gürcüstanda müşahidə olunan qəhvəyi mərmər taxtabitinin Azərbaycana keçmək ehtimalı yüksəkdir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Tbilisidə qəhvəyi mərmər taxtabitinin yayılması və zərərvericiyə qarşı mübarizə tədbirlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Fitosanitar Laboratoriyasının müdiri Taleh Şəmiyev söyləyib.
T.Şəmiyev deyib ki, ötən illərdə Bakıda qəhvəyi mərmər taxtabitinin fərdi aşkar olunub. Gürcüstanda bu zərərverici, əsasən, fındıq və qarğıdalı sahələrinə böyük ziyan vurur. Azərbaycanın Gürcüstanla həmsərhəd olan rayonlarına bu ziyanvericinin keçməsi riski böyükdür. Ziyanverici həşərat ənənəvi olaraq may ayının axırlarında qışlamadan çıxır, sentyabra qədər üç nəsil verir və may-sentyabr aylarında bitki örtüyünə ciddi ziyan vurur.
Laboratoriya müdiri vurğulayıb ki, Qida Təhlükəsizliyi İnstitutunda qəhvəyi mərmər taxtabitinə qarşı mübarizə planı hazırlanır. Tbilisidəki konfransda əldə olunan məlumatlardan planda istifadə olunacaq. Tədbirlər planında zərərvericiyə qarşı mübarizə və yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət istiqamətləri öz əksini tapacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi