CƏMİYYƏT
AQTİ-də SPS Məlumat Mərkəzinin funksiyalarının operativləşdirilməsi ilə əlaqədar seminar keçirilib
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlarında və digər ticari fəaliyyətlərdə potensialının artırılması” layihəsi çərçivəsində seminar keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, “SPS Məlumat Mərkəzinin funksiyalarının operativləşdirilməsi” mövzusuna həsr olunan seminarda layihənin eksperti Alidə Mahmudova, Qida Təhlükəsizliyi İnstitutunun Hüquqi təminat şöbəsini və Standartlaşdırma İnstitutunun mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, SPS Məlumat Mərkəzi - Ümumdünya Ticarət Təşkilatına üzv dövlətlərə Sanitar və Fitosanitar Tədbirlərin Tətbiqi haqqında Sazişdən irəli gələn məsələlər üzrə normativ hüquqi aktlar və müvafiq prosedurlar haqqında bildirişlərin verilməsi, Azərbaycanın xarici ticarət tərəfdaşlarından daxil olan sorğuların cavablandırılması və digər funksiyaları yerinə yetirir.
Ölkəmiz ticarətlə əlaqəli sahələrdə potensialını gücləndirmək məqsədilə beynəlxalq qurumlar və donor təşkilatlarla əməkdaşlıq edir. Bu qurumların sırasına ÜTT ilə yanaşı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi daxildir.
Ümumdünya Ticarət Təşkilatına üzvlük sahəsində Azərbaycan hökumətinə göstərilən dəstəyin iqtisadi şaxələnməyə və qeyri-neft sektorunun inkişafına töhfə verəcəyi gözlənilir.