İQTİSADİYYAT
ARDNŞ-Ə QARŞI İRƏLİ SÜRÜLƏN İDDİA ƏRİZƏSI RƏDD EDİLMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, ABŞ-ın Nyu-York ştatının Cənub Dairə Məhkəməsinin qərarı ilə “Frontera Resources Azerbaijan Corp.” şirkətinin ARDNŞ-in aktivlərinin müəyyənləşdirilməsi və onların təminat kimi saxlanılması üzrə iddiası rədd edilmişdir.
Bu barədə Dövlət Neft Şirkətini “Frontera Resources Azerbaijan Corp.” şirkəti ilə mübahisədə təmsil edən Böyük Britaniyadakı “Dallas & Co Solicitors” hüquq şirkətinin partnyoru xanım İren Dallas məlumat vermişdir.
Qeyd edək ki, “Frontera Resources Azerbaijan Corp.” şirkəti “Kürsəngi” və “Qarabağlı” yataqlarının işlənməsini nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişi üzrə öz hüquqlarının pozulması ehtimalı ilə 2005-ci ilin mart ayında Stokholm şəhərində keçirilən arbitraj məhkəməsində təqribən 25 milyon ABŞ dolları məbləğində kompensasiya tələbi ilə Dövlət Neft Şirkətinə qarşı iddia qaldırmışdır. Tribunalın 2006-cı ilin yanvarında qəbul etdiyi qərar əsasən ARDNŞ-in xeyrinə olmasına baxmayaraq, sənəddə “Frontera Resources Azerbaijan Corp.” şirkətinə cüzi miqdarda kompensasiya ödənilməsi nəzərdə tutulmuşdu.
ARDNŞ arbitraj qərarının bu hissəsi ilə barışmayaraq, Stokholm Məhkəməsinə apelyasiya şikayəti vermişdi. “Frontera Resources Azerbaijan Corp.” şirkəti isə öz növbəsində Nyu-York ştatının Cənub Dairə Məhkəməsinə həmin qərarın tətbiqi ilə bağlı müraciət etmişdi. 2007-ci il aprelin 4-də Nyu-York Məhkəməsi “Frontera Resources Azerbaijan Corp.” şirkətinin ərizəsini rədd etmişdir. Bu şirkətin yenidən apelyasiya şikayəti verməsinə baxmayaraq, xanım İren Dallas Dövlət Neft Şirkətinin mövqeyinin möhkəm olduğunu bildirmişdir.