MƏDƏNİYYƏT
ARİF NƏRİMANBƏYOVUN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də Muzey Mərkəzində kinematoqrafiyamızın ilk quruluşçu operatoru, əməkdar incəsənət xadimi Arif Nərimanbəyovun 90 illik yubileyi münasibətilə xatirə gecəsi keçirilmişdir. Tədbiri Azərbaycan Dövlət Film Fondu təşkil etmişdir.
Fondun direktoru Cəmil Quliyev gecəni açaraq demişdir ki, Moskva Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən aparıcı rejissorlardan Arif Nərimanbəyov haqqında çoxlu xoş söz eşitmişdir. Onun çəkdiyi hər yeni film həm tamaşaçılar, həm də operatorun özü üçün nailiyyət idi.
Xatırladaq ki, A.Nərimanbəyovun ilk filmi “Fətəli xan” olmuşdur. Onun ardınca “Leyli və Məcnun”, “Bizim Cəbiş müəllim” filmlərini çəkmişdir.
Arif Nərimanbəyovun Neft daşlarında keçirdiyi üç aydan Azərbaycan kinematoqrafına tarixi kadrlar yadigar qalmışdır. “Belə bir ada var” filmində operator qəhrəman neftçilərin həyatını dolğunluğu ilə əks etdirə bilmişdir.
Xatirə gecəsində A.Nərimanbəyovun dostları və yaxınları çıxış etmiş, onun çəkdiyi filmlərdən parçalar, həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər nümayiş etdirilmişdir.