REGİONLAR


“ASAN həyat şənliyi” Masallı sakinlərinə əsl bayram əhval-ruhiyyəsi yaşadıb

Masallı, 18 mart, Bağır Əliyev, AZƏRTAC

Martın 18-də Masallı şəhərindəki “ASAN həyat” kompleksində keçirilən Novruz şənliyində yüzlərlə rayon sakini iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ASAN xidmət” və Park Cinemanın birgə təşkilatçılığı, “ASAN Radio” və Xəzər TV-nin informasiya dəstəyi ilə təşkil olunan şənlik rayon sakinlərinə əsl bayram əhval-ruhiyyəsi yaşadıb.

Bayram mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı və rayondakı “ASAN xidmət”in direktoru Vidadi Muxtarov sakinləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.

“ASAN xidmət”in qarşısındakı meydanda keçirilən mərasimdə bayram tonqalları yandırılıb. Milli paltar geyinmiş oğlan və qızlar tonqal ətrafında “Yallı” gediblər.

Bayram tədbirində rayonun bədii özfəaliyyət kollektivlərinin, Novruzun personajları Kosa və Keçəlin iştirakı ilə təqdim olunan qədim xalq rəqsləri və oyunlar maraqla qarşılanıb.

“ASAN həyat şənliyi” devizi ilə keçirilən konsert proqramında Masallının “Halay” folklor rəqs kollektivi, respublikanın tanınmış estrada müğənniləri Yaşar Cəlilov, Emil Bədəlov və Zemfira İbrahimova bir–birindən gözəl mahnılarla tamaşaçıların zövqünü oxşayıblar.

Masallı şəhərindəki “ASAN həyat” kompleksinin kino-klubunun yay səhnəsində isə “Ağ tük” filminin təqdimatı olub.

Təqdimat mərasimində filmdə əsas rollara çəkilmiş Müşfiq Mustafayev və Fərda Amin çıxış edərək rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, “ASAN həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da yararlanırlar.

“ASAN həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.