SİYASƏT
AZƏRBAYCANDA MİLLİ AZLIQLAR PROBLEMİ YOXDUR
ATƏT-in milli azlıqlar üzrə ali komissarının müşaviri Mixay Qribençea Milli Məclisin insan hüquqları daimi komissiyasının sədr müavini Rəbiyyət Aslanova ilə görüşmüşdür.
Deputat Rəbiyyət Aslanova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, görüşdə Azərbaycanda milli azlıqların hüquqlarının qanunla müdafiə olunması, milli dil, din və mədəniyyətlərin inkişaf etdirilməsinə yaradılan şərait müzakirə olunmuşdur.
Milli azlıqlarla bağlı 1948-ci il Konvensiyasına toxunan R.Aslanova demişdir ki, konvensiyada aydın şəkildə yazılıb ki, “əgər hansısa ölkədə insanın hüququ qanunla qorunursa, orada milli azlıqların hüquq pozuntularından danışılmamalıdır”. Azərbaycanda isə milli azlıqların hüquqları Konstitusiya ilə qorunur. Ona görə də Azərbaycanda dini icmalar və milli azlıqlar qardaşlıq prinsipi ilə yaşayırlar. Hətta milli azlıqların nümayəndələrinə azlıq kimi baxıldıqda inciklik yaranır. Bu da onların azərbaycanlılarla eyni hüquq və azadlıqlara malik olmalarından, özlərini eynihüquqlu vətəndaş kimi hiss etmələrindən irəli gəlir.
Ətraflı məlumat üçün təşəkkürünü bildirən M.Qribençea qanunvericiliklə bağlı komissarlığın bəzi məsləhətlərini R.Aslanovaya çatdırmışdır.