RƏSMİ XRONİKA
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV LƏNKƏRANDA OLMUŞDUR
“BUTA” KONSERV ZAVODUNUN AÇILIŞ MƏRASİMİ
Müəssisənin qarşısına toplaşan minlərlə insan Baş naziri böyük mehribanlıqla, hərarətli alqışlarla, gül-çiçəklə qarşıladılar.
Mərasimə toplaşanların əllərində Azərbaycanın dövlət bayraqları, Prezident Heydər Əliyevin, Baş nazir İlham Əliyevin portretləri, ölkəmizin rəhbərliyinin daxili və xarici siyasətini dəstəkləyən şüarlar var idi.
Baş nazir İlham Əliyev “BUTA” konserv zavodunun açılışını bildirən qırmızı lenti kəsdi, müəssisənin idarəetmə pultunun düyməsini basdı, ayrı-ayrı istehsal sexlərinin işi ilə tanış oldu.
Baş direktor Rasim Qəmbərov Avropa standartlarına uyğun tikilmiş zavodun istehsal sahələri barədə məlumat verdi. Bildirildi ki, burada ən müasir avadanlıq quraşdırılmışdır. Növbəti il üçün Lənkəranda 28 min ton pomidor məhsulu tədarük ediləcəkdir. Zavodda müxtəlif konservlər, nar şirəsi də istehsal olunacaqdır. Eyni zamanda, Lənkəran meşələrindəki yabanı bitkilərdən də məhsul buraxılması nəzərdə tutulmuşdur. Müəssisədə yüzdən çox iş yeri açılacaqdır. İstehsal olunan məhsullar həm daxili tələbatın ödənilməsinə kömək edəcək, həm də xarici bazara çıxarılacaqdır.
Müəssisədə Azərbaycanın Baş naziri İlham Əliyevə xatirə hədiyyəsi - tablo təqdim olundu. Respublika hökumətinin başçısı hədiyyəyə görə təşəkkürünü bildirdi və açılış mərasiminə toplaşanlar qarşısında çıxış etdi.AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEVİNÇIXIŞI -Əziz dostlar!Mən sizin hamınızı bu yeni müəssisənin açılışı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda iqtisadi inkişaf var, yeni iş yerləri açılır. Azərbaycanın bütün bölgələrinə yeni, müasir standartlara cavab verən avadanlıq gətirilir, qurulur. Burada, bu zavodda yüzdən artıq adam işlə təmin olunubdur.Mənə verilən məlumata görə, gələcəkdə zavodun fəaliyyəti daha da genişlənəcək, daha çox çeşiddə məhsullar istehsal edilərək, həm daxili bazarda satılacaq, həm də ixrac olunacaqdır. Bu, çox sevindirici haldır. Bu, ümumiyyətlə, Azərbaycanda son illər ərzində müşahidə olunan ənənəni göstərir. Onun əyani sübutudur. Bu siyasəti Azərbaycanda 1993-cü ildən başlayaraq möhtərəm cənab Prezident Heydər Əliyev aparır. Onun rəhbərliyi altında Azərbaycanın hər sahəsi inkişaf edir. İqtisadiyyatımızın bütün sektorları inkişaf edir. Məhz aparılan iqtisadi islahatların nəticəsində, Azərbaycanda hökm sürən sabitliyin nəticəsində investorlar vəsait qoyurlar, yeni iş yerləri açırlar, yeni müəssisələr yaradırlar. Əgər investorlarda gələcəyə inam olmasaydı, onlar heç vaxt risk edib vəsait qoymazdılar. Bu, bir daha onu göstərir ki, Azərbaycan düz yoldadır. Azərbaycanın çox gözəl gələcəyi vardır. Mən bu müəssisənin kollektivinə, buraya sərmayə qoyan şəxslərə öz minnətdarlığımı bildirirəm ki, onlar ümumi işimizə kömək göstərirlər. Eyni zamanda, bütün başqa sahibkarlara da müraciət etmək istəyirəm və bildirirəm ki, Azərbaycan hökuməti, dövləti sahibkarlara daim kömək göstərəcəkdir. Onların investisiyalarını qoruyacaqdır və onlardan xahiş edəcəkdir ki, belə gözəl müəssisələri daha da çox yaratsınlar. Azərbaycanın müxtəlif bölgələrində belə gözəl müəssisələr açılsın. Mən bu zavodun açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram. Sağ olun.