SİYASƏT
AZƏRBAYCANIN BÜTÜN SAHƏLƏRDƏ İNKİŞAFI HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
- Mənə dahilərin dahisi Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq çox çətindir, çünki bütün şüurlu həyatım onun atalıq qayğısı ilə əhatə olunmuşdu. Məhz onun şəxsi göstərişi ilə rəhbər vəzifələrə irəli çəkilmişəm, hətta mənə növbədənkənar mənzil də onun xeyir-duası ilə verilib. O, mənim üçün həm böyük rəhbər, həm də əvəzedilməz bir insan idi. Digər tərəfdən, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, neft maşınqayırma kompleksinin yaranması, dirçəlişi və böyük sürətlə inkişafı da məhz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə görülmüş miqyaslı işlərin nəticəsidir.
Biz, Azərbaycan neft maşınqayırma sənayesinin işçiləri, 30 il bundan öncə sənayemizin görünməmiş sıçrayışına görə Heydər Əliyevi daim dərin minnətdarlıq hissi ilə xatırlayacağıq.
Son illər bu sahədə Heydər Əliyevin rəhbərliyi və qayğısı ilə aparılan islahatlar, eləcə də görülən tədbirlər öz bəhrəsini vermişdir. Belə ki, “Azneftkimyamaş” Dövlət Şirkəti açıq səhmdar cəmiyyətinə çevrilmiş, 14 sənaye müəssisəsi və 4 elmi-tədqiqat və layihə-konstruktor qurumları törəmə səhmdar cəmiyyətləri kimi onun tərkibinə daxil edilmişdir. Hüquqi baxımdan bu cür forma bütövlükdə iqtisadi islahatların, o cümlədən bazar iqtisadiyyatının tələblərinə cavab verir. Eyni zamanda, maşınqayırma kompleksinin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul olunmuş, hazırda isə onun icrası istiqamətində konkret işlər görülür. “Sənaye” proqramına əsasən bütün müəssisələr öz vebsaytını açmış və kompüter əlaqələri yaratmışdır. Artıq bir neçə ildir ki, “Bakmaşzavod” törəmə səhmdar cəmiyyətində qazma boruları üçün APİ standartlı rəqabət qabiliyyətli qıfılların buraxılmasına başlanmışdır.
Hazırda Yaponiya hökumətinin maliyyə yardımı ilə ASC-nin 4 müəssisəsi və 2 elmi tədqiqat institutunda beynəlxalq standarta cavab verən idarəetmə sisteminin yaradılması və rəqabət qabiliyyətli avadanlığın istehsalının təşkili proqramı üzrə işlər aparılır. Bu proqram da Yaponiyaya səfəri zamanı Prezident Heydər Əliyevin yüksək səviyyədə apardığı danışıqlardan sonra reallaşmışdır.
Biz maşınqayıranlar müstəqil Azərbaycanın tərəqqiyə doğru inamla irəliləməsi, xalqımızın rifahının durmadan artması naminə yorulmadan çalışan böyük şəxsiyyət kimi onun əməyini həmişə yüksək qiymətləndirmişik və o, maşınqayırma sahəsində çalışan minlərlə zəhmətkeşin qəlbində əbədi yaşayacaqdır.