SİYASƏT
AZƏRBAYCANIN HAQQ SƏSİ DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILIR
Ölkəmizə səfər etmiş dünyanın nüfuzlu hüquq-müdafiə qurumlarından olan Rumıniya İnsan Hüquqlarının Müdafiəsi Təşkilatının (OADO) sədri F.Skaletçinin başçılıq etdiyi nümayəndə heyəti martın 13-də Ədliyyə Naziri Fikrət Məmmədovla görüşmüşdür.
Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatı, milli qanunvericiliyimizin təkmilləşdirilərək insan hüquqlarının daha etibarlı müdafiəsinə yönəldilməsi və humanistləşdirilməsi barədə ətraflı məlumat verən nazir ümumbəşəri dəyərlərə daim sadiq qalan ölkəmizdə dövlətimizin başçısı cənab Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv edildiyi, son illərdə qəbul olunmuş əfv və amnistiya aktlarının on minlərlə şəxsə şamil olunduğunu bildirmişdir.
Erməni hərbi təcavüzü nəticəsində ölkə əhalisinin 1 milyondan artıq hissəsinin qaçqın və məcburi köçkün vəziyyətinə düşməsini xüsusi vurğulayan ədliyyə naziri, onların beynəlxalq normalarda təsbit olunmuş hüquqlarının kobud şəkildə pozulduğunu qeyd etmiş, hüquq-müdafiə təşkilatlarının diqqətinin bu ağrılı problemə cəlb edilməsinin əhəmiyyətini bildirmişdir.
Rumıniya İnsan Hüquqlarının Müdafiəsi Təşkilatının fəaliyyəti və geniş beynəlxalq əlaqələri barədə məlumat verən F.Skaletçi Azərbaycan əhalisinin böyük bir həssəsinin qaçqın və məcburi köçkün vəziyyətində olmasını və ağır şəraitdə yaşamasını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan dövlətinin səylərini, bu sahədə ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin səmərəli fəaliyyətini xüsusi qeyd etmişdir. Qonaq Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilmiş İlham Əliyevin beynəlxalq sahədə fəaliyyətini, o cümlədən bu günlərdə Fransa Prezidenti Jak Şirakla görüşünün ölkəmizin qarşısında dayanan taleyüklü problemlərin həlli istiqamətində mühüm rolunu vurğulamışdır.
Qonaqlar Azərbaycanda qaçqın və məcburi köçkünlərlə görüşüb onların yaşayış şəraiti ilə yaxından tanış olduqlarını bildirərək, bununla əlaqədar hazırlayacaqları xüsusi hesabatın nüfuzlu beynəlxalq təşkilatlara təqdim olunacağını qeyd etmişlər.