RƏSMİ XRONİKA
AZƏRBAYCAN-İTALİYA MÜNASİBƏTLƏRİ DAHA DA MÖHKƏMLƏNƏCƏKDİR
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV İTALİYA SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Səfir Baş nazir İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar İtaliya Respublikasının Prezidenti Karlo Adzelyo Çampinin təbrik məktubunu ona təqdim etdi.
Baş nazir İLHAM ƏLİYEV təbrik məktubunu minnətdarlıqla qəbul edərək dedi:
- Xahiş edirəm, cənab Prezidentin məktubuna görə, təbriklərinə görə ona təşəkkürümü yetirin. Çox xoşdur ki, ölkələrimiz arasında yaxşı münasibətlər vardır. Bu münasibətlər bütün müstəvilərdə - iqtisadiyyatda da, siyasətdə də, mədəni həyatda da inkişaf edir. Bu, bizi çox sevindirir. Biz sizin ölkənizlə münasibətləri inkişaf etdirməyi çox istəyirik. Bilirsiniz ki, bu yaxınlarda Prezidentimiz İtaliyaya səfir təyin olunması haqqında qərar qəbul etmişdir. Biz bunu çox gözləyirdik. Düşünürəm ki, Azərbaycanın səfirliyi ölkənizdə fəaliyyətə başlayandan sonra əlaqələrimiz daha çox olacaqdır. Bu isə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəkdir.
Həmçinin, xahiş edirəm ki, mənim ən xoş arzularımı cənab Baş nazirə yetirəsiniz. Xatirimdədir, mən Baş nazir təyin olunanda, o, məni təbrik etmişdi və mən də ona cavab məktubu göndərmişdim. İtaliyaya, italyan xalqına uğurlar diləmək və Azərbaycanda fəaliyyətinizə görə Sizə şəxsən təşəkkür etmək istəyirəm. Bilirəm, Siz ölkəmizə çox səmimi münasibət bəsləyirsiniz, çox gözəl tədbirlər keçirirsiniz. Əlbəttə, bütün bunlar ölkələrimizin yaxınlaşmasına daha da kömək edir. Mən yeni vəzifəmdə ölkələrimizin bundan sonra da yaxınlaşmasına çalışacağam və Prezidentimiz Heydər Əliyevin siyasətini davam etdirəcəyəm.
Səfir MARQARİTA KOSTA səmimi sözlərə görə minnətdarlıq edərək dedi:
- Xoş sözlərə görə Sizə təşəkkür etmək istəyirəm. Düşünürəm ki, Azərbaycanla İtaliyanın bir böyük ailə olması üçün ikitərəfli münasibətləri daha da inkişaf etdirmək məqsədi ilə birlikdə işləyəcəyik. Bu, mənim arzumdur, çünki mənə həmişə deyiblər ki, ölkələrimiz arasında oxşar cəhətlər çoxdur. Əminəm ki, Siz çox yaxşı, əla Prezident olacaqsınız. Atanız sizin gözəl ölkənizin inkişafı üçün çox işlər görmüşdür. Hesab edirəm ki, Siz onun işinin layiqli davamçısı olacaqsınız. Ümidvaram ki, atanızı çox tezliklə görəcəyəm. İstəyirəm ki, filarmoniyanın açılışında biz onunla birlikdə iştirak edək.
Ölkənizə uğurlar, ailənizə xoşbəxtlik arzulayıram.
İLHAM ƏLİYEV: Onu biz də çox səbirsizliklə gözləyirik. Zənnimcə, tezliklə gələcəkdir. Bilirsiniz ki, o, Sizə çox hörmət edir. Bu gün görüşdüyümüzü ona çatdıracağam. O, çox şad olacaqdır.