MƏDƏNİYYƏT
“AZƏRBAYCAN MUSİQİÇİLƏRİNİN İFASINDA ULU QAFQAZIN NƏĞMƏLƏRİ”
“Amfi” konsert salonunda Şərqi Avropa ili çərçivəsində keçirilmiş tədbirlərdə Azərbaycan musiqisi səslənmişdir. Ecazkar Azərbaycan musiqisi konsertə xüsusi çalar vermişdir.
Bilorban Konservatoriyasının müəllimi Mark Lopüytün yaxşı tanıdığı və 1989-cu ildən birlikdə çalışdığı üç azərbaycanlı musiqiçinin iştirakı ilə geniş konsert proqramı hazırlanmışdır. Konsertdə Malik Mansurov tarda, Elşən Mansurov kamançada, Ziya Mirabdolbacı zərb alətlərində, Mark Lopüyt isə həm udda, həm də kamançada müxtəlif musiqi nömrələri ifa etmişlər.
Konsert xalq melodiyaları ilə müşayiət olunan klassik musiqi ilə açılmışdır. İmprovizasiyalar və türk musiqisinin də ifa olunduğu konsertin ikinci hissəsi daha müvəffəqiyyətli keçmişdir. Sonda ritmik melodiyalar səslənmişdir.
Bütün tamaşaçılar – yaşlılar, uşaqlar ifa olunan nömrələri dəfələrlə alqışlamış, musiqiçiləri təkrar səhnəyə çıxmağa məcbur etmişlər. Musiqiçilər bir neçə dəqiqə ərzində son nömrələri bütün varlıqları ilə yenidən ifa etmişlər. Qəlbləri riqqətə gətirən həzin musiqi improvizasiya edilmişdir. Şərq melodiyalarının coşğun ifaçılıq tərzi musiqiçilərin sevincindən xəbər verirdi.
Azərbaycanlı musiqiçilər yüzlərlə insanı heyrətə və cuşa gətirdi. Qeyd edək ki, bu, qrupun ilk uğurlu çıxışı deyildi. İtaliyada qazandığı mükafatdan, Bakıda təşkil olunmuş İnstrumental konsertdən sonra qrup ikinci konsert proqramı hazırlamışdır. 2001-ci ilin iyun ayından xarici ölkələrə qastrol səfərinə çıxmış musiqiçilər “Ulu Qafqazın nəğmələri” adlı diskləri ilə dünya musiqi kolleksiyasına yeni töhfələr vermişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris