RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV BOLQARISTAN PREZİDENTİ JELYU JELEV İLƏ GÖRÜŞMÜŞDÜR

İyunun 29-da Sofiyada Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelev ilə görüşmüşdür.

Bolqarıstan rəhbəri onun dəvətini qəbul etdiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi və dünyada nüfuzlu siyasi xadim kimi tanınan Heydər Əliyev ilə bu görüşün ölkələrimiz arasındakı tarixi əlaqələrin daha da canlandırılmasında mühüm rol oynayacağına əmin olduğunu qeyd etdi.

Cənab Jelev dedi ki, onun ölkəsi yeni müstəqillik qazanmış Azərbaycanla bütün sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməyə xüsusi maraq göstərir. Onun fikrincə, ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi üçün istər iqtisadi-ticarət, istərsə də mədəniyyət və digər sahələrdə imkanlar genişdir və bütün bunlardan hərtərəfli istifadə olunmalıdır.

Jelyu Jelev qarşılıqlı fayda götürmək üçün bir sıra konkret sahələrdə birgə müəssisələr yaradılmasının böyük əhəmiyyətə malik olduğunu söylədi və bəzi konkret təkliflər irəli sürdü. Onun fikrincə, Bolqarıstanda istehsal olunan “Çovdar” markalı avtobusları Bakıda da yığmaq mümkündür, bu isə həm Azərbaycanın nəqliyyat müəssisələrinin ucuz və sərfəli qiymətə belə maşınlarla təmin etmək, həm də ölkədə xeyli yeni iş yerləri yaratmaq üçün faydalı olardı.

Cənab Jelev Azərbaycanın Qərb neft şirkətləri konsorsiumu ilə bağladığı müqaviləni yüksək qiymətləndirdi və çıxarılacaq neftin ixracı üçün çəkiləcək kəmərin Bolqarıstandan keçərək Adriatik dənizinə çıxması mövzusuna toxundu.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Azərbaycan Prezidenti Heydər Əliyev Bolqarıstan iqtisadiyyatının imkanlarına yaxşı bələd olduğunu söyləyərək dedi ki, biz keçmiş Sovetlər İttifaqı dövründə sizin respublika ilə qurduğumuz yaxşı əlaqələri bu gün yeni istiqamətdə, hər iki müstəqil ölkənin mənafeyinə uyğun şəkildə, bərabər hüquqlu tərəfdaşlar kimi inkişaf etdirmək istəyirik. Jelyu Jelevin “Çovdar” markalı avtobusların Bakıda yığılması təklifini maraqla qarşılayan respublikamızın rəhbəri digər sahələrdə də belə imkanlar olduğunu və həmin imkanlardan səmərəli istifadə edilməsinin əhəmiyyətini vurğuladı.

Heydər Əliyev Qara dəniz hövzəsi ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan dövlətlər arasında, o cümlədən Azərbaycanla Bolqarıstan arasında bütün sahələrdə əlaqələrin müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi üçün yeni nəqliyyat və kommunikasiya xəttinin yaradılmasının vacibliyini xüsusi qeyd etdi. Onun fikrincə, bu xətt yeni müstəqillik qazanmış, bazar münasibətlərinə keçid yolunu seçmiş ölkələrin iqtisadiyyatının dirçəldilməsi və həmin respublikaların potensial imkanlarından istifadə olunması işini daha da canlandırardı.

Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyətdən, demokratik hüquqi dövlət quruculuğu istiqamətlərində görülən işlərdən, bazar iqtisadiyyatına keçidlə bağlı həyata keçirilən tədbirlərdən bəhs edən Prezident Heydər Əliyev respublikamızın xarici ölkələrlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirdiyini qeyd etdi və dedi ki, biz hər bir dövlətlə, nüfuzlu şirkətlərlə, ayrı-ayrı iş adamları ilə əlaqələr qurulmasına ciddi fikir veririk. Azərbaycan rəhbəri əmin olduğunu bildirdi ki, Bolqarıstanla münasibətlərin yenidən canlandırılması ölkələrimiz üçün çox faydalıdır.

Ermənistanın Azərbaycana təcavüzündən danışan Heydər Əliyev müharibənin danışıqlar yolu ilə başa çatdırılması, böyük sülh sazişinin əldə olunması sahəsində respublikamızın mövqeyini açıqladı və dedi ki, biz məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində həllinə xüsusi diqqət yetiririk. Dövlətimizin başçısı, 13 aydan çox davam edən atəşkəs rejiminin əhəmiyyətini də qeyd etdi, torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu, 1 milyondan çox azərbaycanlı qaçqının ağır şəraitdə yaşadığını söylədi.

Səmimilik və dostluq şəraitində keçən görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin