RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV HİNDİSTAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mayın 9-da Moskvada Hindistan Respublikasının xarici işlər naziri Prinab Mukerci ilə görüşmüşdür.

Azərbaycan Prezidentini səmimiyyətlə salamlayan cənab Mukerci Hindistanda Heydər Əliyevin şəxsiyyətinə böyük maraq və hörmət bəsləndiyini söylədi.

Azərbaycan Prezidenti bu görüşdən məmnun olduğunu bildirərək dedi ki, o, keçmiş Sovet İttifaqı nümayəndə heyətinin başçısı kimi vaxtilə Hindistanda olmuş və eyni zamanda Moskvada Hindistanın rəhbərləri ilə görüşüb söhbətlər aparmışdır.

Azərbaycanla Hindistan arasında tarixi əlaqələr olduğunu vurğulayan respublika Prezidenti xalqımızın Hindistan mədəniyyətinə, incəsənətinə böyük hörmət bəslədiyini bildirdi. O dedi ki, Hindistan filmləri Azərbaycanda ən çox sevilən filmlər olmuşdur. Hindistan musiqisini də Azərbaycanda çox sevirlər. Xalqlarımız arasındakı qarşılıqlı rəğbətə istinad edərək, dövlətlərimizin əlaqələrini inkişaf etdirməyə böyük ehtiyac duyulduğunu bildirən Heydər Əliyev bu sahədə lazımı işlər görülməsinin vacibliyinə toxundu.

Hindistanın xarici işlər naziri Azərbaycan Prezidentinin sözlərinə tamamilə şərik olduğunu söylədi və bu yaxınlarda Azərbaycana səfər etmək istədiyini bildirdi.

Prinab Mukerci Azərbaycan Prezidentinin Hindistana rəsmi səfərə dəvət olunduğunu və onu səbirsizliklə gözlədiklərini xatırlatdı.

Heydər Əliyev də Hindistan xarici işlər nazirinin Azərbaycana səfər etmək niyyətini alqışladığını bildirdi və onu Bakıda mütləq qəbul edəcəyini söylədi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin