SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN RƏİSİ ARZU RƏHİMOVUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ AVSTRİYADA SƏFƏRDƏ OLMUŞDUR
Azərbaycanın Avstriyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 17-dən 19-dək Avstriyada rəsmi səfərdə olmuşdur.
Səfərin əsas məqsədi Azərbaycan Respublikasında yeni yaradılmış bu dövlət qurumu ilə Avstriyanın mövcud dövlət qurumları arasında qarşılıqlı əlaqələrin qurulması və Avstriyanın bu sahədəki təcrübəsinin öyrənilməsi olmuşdur.
Nümayəndə heyəti səfər çərçivəsində Avstriya Federal Daxili İşlər Nazirliyi (FDİN) Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik E.Holtsinger, qurumun Vyanada yerləşən Əcnəbilərin Polis Saxlama Mərkəzinin rəisi, polis polkovniki Y.Tsinsberger, Əcnəbilərlə İş üzrə Xidmətinin (Əcnəbilər Polisi) rəisi B.Körner, Baş Cinayət Polisi Xidmətinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Q.Tatsgerm və Avstriya Sərhəd Nəzarəti Xidməti Əməliyyat İdarəsinin rəisi, briqada generalı Y.Vaqner ilə görüşlər keçirmişdir.
Nümayəndə heyəti, həmçinin Aşağı Avstriya əyalətinin Trayskirxen şəhərində yerləşən ölkənin ən böyük sığınacaq düşərgəsinə səfər etmiş, düşərgənin müvafiq strukturları ilə yaxından tanış olmuşdur. Eyni zamanda heyət FDİN nəzdində Əməliyyat Koordinasiya Mərkəzinin fəaliyyəti ilə tanış olmuş, mərkəzin rəhbəri M.Ştroker ilə görüşmüşdür.
Səfər çərçivəsində Avstriyanın sığınacaq və miqrasiya sahəsində mövcud təcrübəsi, xüsusilə federal polisin vəzifə və səlahiyyətləri haqda bir neçə təqdimat keçirilmişdir.
Görüşlərdə Azərbaycan və Avstriya arasında əlaqələrin artan templə inkişaf etməsi, xüsusilə də hüquq mühafizə orqanları arasında son zamanlar müşahidə olunan əməkdaşlığın sıx və məhsuldar aparılması xüsusi vurğulanmışdır. Son illər ərzində çoxsaylı ikitərəfli rəsmi və işgüzar səfərlərin həyata keçirilməsi və bağlanmış sazişlərin vacibliyi diqqətə çatdırılmış, bunun qarşılıqlı əlaqələrin inkişafına təkan verəcəyi qeyd edilmişdir. Eyni zamanda Avstriya Federal Sığınacaq Xidmətinin qiymətləndirmə missiyasının Azərbaycandakı mövcud sistemlə tanışlıq məqsədi ilə oktyabrın 3-dən 5-dək Azərbaycana edəcəyi səfər barədə də danışılmışdır.
Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov səfər zamanı keçirilən görüşlərdə iştirak etmişdir.