RƏSMİ XRONİKA
AZƏRBAYCAN TAEKVONDO FEDERASİYASININ İDMAN SARAYININ AÇILIŞI OLMUŞDUR
TAEKVONDO ÜZRƏ DÜNYA ÇEMPİONU NİYAMƏDDİN PAŞAYEVİN ÇIXIŞI
Hörmətli Dünya Taekvondo Federasiyasının Prezidenti!
Əziz idmançılar və qonaqlar!
Bu gün mən bir idmançı kimi qürur hissi duyuram. Biz indiki uğurlarımızı bir neçə il bundan əvvəl xəyalımıza belə gətirə bilməzdik. Lakin Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin gəncliyə və idmana göstərdiyi qayğısı nəticəsində bütün dünyaya səs salan uğurlar əldə etmişik. Azərbaycan taekvondoçularının son dünya çempionatında 112 ölkə arasında komanda hesabında beşinci yer tutması heç də xəyal deyil, həqiqətdir. Sevindirici haldır ki, bu nailiyyətlər təkcə taekvondoda deyil, demək olar ki, idmanın bütün növlərində müşahidə olunur. Buna əsas səbəb idmançılarımız üçün yaradılan şərait, yeni-yeni komplekslərin, idman bazalarının istifadəyə verilməsidir. Bunlardan biri də açılışına toplaşdığımız bu idman sarayıdır. Ümid edirəm ki, bu kompleks gələcəkdə Azərbaycan taekvondoçularının daha yüksək nəticələr əldə etməsinə imkan yaradacaqdır. Bütün bunlara görə Milli Olimpiya Komitəsinin prezidenti, möhtərəm Baş nazir cənab İlham Əliyevə, eyni zamanda, cənab Kəmaləddin Heydərov başda olmaqla Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə, məşqçi-müəllim heyətinə taekvondoçular adından minnətdarlığımı bildirirəm. Əminəm ki, idmançılarımız dünya və Avropa miqyaslı yarışlarda, ən əsası, qarşıdan gələn Afina Olimpiya oyunlarında Azərbaycanın bayrağını yüksəklərə qaldıracaqlar.
Taekvondonun bütün dünyada, eləcə də Azərbaycanda populyar idman növü olması üçün əlindən gələni edən Dünya Taekvondo Federasiyasının prezidenti cənab Un Yonq Kim də bizim bu tədbirdə iştirak edir. Mən Azərbaycanın bütün taekvondoçuları adından ona öz təşəkkürümü bildirirəm.
Bir neçə gün sonra ölkəmizdə, xalqımızın həyatında mühüm bir hadisə olacaq, prezident seçkiləri keçiriləcəkdir. Biz idmançılar bu seçkilərdə siyasi fəallıq göstərəcək, hörmətli İlham müəllimi dəstəkləyəcəyik.
Diqqətinizə görə sağ olun.