SİYASƏT
AZƏRBAYCAN VƏ ERMƏNİSTANIN XARİCİ İŞLƏR NAZİRLƏRİ MƏTBUAT ÜÇÜN BƏYANAT QƏBUL ETMİŞLƏR
Respublika Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, nazirlər görüşün yekunlarına dair mətbuat üçün bəyanat vermişlər. Bəyanatda deyilir:
-Ermənistanın xarici işlər naziri və Azərbaycanın yeni təyin olunmuş xarici işlər naziri ilk dəfə olaraq bu il aprelin 16-da Praqada görüş keçirmişlər. Minsk qrupu həmsədrləri tərəfindən təşkil olunmuş bu görüş tərəflərə irəliyə gedən mümkün yollar barədə fikir mübadiləsi aparmağa imkan yaratmışdır. Ermənistan və Azərbaycan Dağlıq Qarabağ və onun ətrafında olan münaqişənin həllində qarşılıqlı şəkildə maraqlı olduqlarını yenidən bəyan etmiş və bu faydalı dialoqun davam etdirilməsi üzrə razılıqlarını bildirmişlər. Xarici işlər nazirləri Çexiya hökumətinin və ATƏT-in dəstəyini yüksək qiymətləndirmişlər.