İQTİSADİYYAT
“AZƏRENERJİ”NİN MİNGƏÇEVİR İDMANÇILARINA HƏDİYYƏSİ
“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, uşaqlar da yaddan çıxarılmamışdır. Onlar üçün yüngül basketbol lövhələri, voleybol torları, idman geyimi və ayaqqabıları alınmışdır. Bu, minlərlə uşağın bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmasına şərait yaradacaq, yeni bölmələrin açılmasına kömək edəcəkdir.
“Azərenerji”nin prezidenti Etibar Pirverdiyev hədiyyələrin təqdim olunması mərasimində bildirmişdir ki, Mingəçevir, haqlı olaraq, respublikanın tanınmış idman mərkəzlərindən biri sayılır. Son illər burada ölkəmizi beynəlxalq yarışlarda, dünya çempionatlarında, o cümlədən Olimpiya oyunlarında uğurla təmsil edən adlı-sanlı idmançılar yetişmişdir. Sidney Olimpiya oyunlarının bürünc mükafatçısı, boksçu Vüqar Ələkbərov onlardan biridir.
Respublikada avarçəkmənin inkişafında mühüm xidmətləri olmuş “Kür” təlim-məşq bazası şəhərin idman həyatında da əhəmiyyətli rol oynamışdır. Məlum səbəblər üzündən məcburi köçkünlərin sərəncamına verilmiş bu idman obyektinin hazırda əsaslı təmirə ehtiyacı vardır. Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə bununla əlaqədar müvafiq qərar qəbul edilmişdir. Onun həyata keçirilməsinə Azərbaycan DRES yaxınlığında qaçqınlar üçün salınan 412 evlik qəsəbə bu ilin oktyabr ayında istifadəyə verildikdən sonra başlanacaqdır.
Mingəçevir idmançıları qətiyyətlə bildirmişlər ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqının müdrik oğlu Heydər Əliyevə, onun demokratik və dünyəvi dövlət qurulmasına yönəldilmiş siyasi xəttinə səs verəcəklər.