MƏDƏNİYYƏT
“AZERROS” QƏZETİ BEYNƏLXALQ AMNİSTİYA TƏŞKİLATININ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR
“Azerros”un redaktoru Oleq Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, 25 min nüsxə tirajla çıxan bu qəzet artıq dörd ildir nəşr olunur və bu illər ərzində öz bənzərsiz dəst-xətti, obyektivliyi, peşəkarlığı, qərəzsizliyi, mötəbərliyi, habelə vətənpərvərliyi ilə seçilib-sayılıb, məhz bu keyfiyyətlərinə görə tanınmağa nail olmuşdur.
“Rusiya Federasiyasında insan hüquqları və vətəndaş cəmiyyətinin möhkəmlənməsi” mövzusunda jurnalist işləri müsabiqəsində iştirak edən “Azerros” qəzeti Rusiyada insan hüquqlarının müdafiəsi məsələlərinin işıqlandırılmasına verdiyi töhfəyə - daha konkret desək, Tümendə yerli milisin özbaşınalığından zərər çəkmiş azərbaycanlıları müdafiə etdiyinə görə də mükafatlandırılmışdır. Qəzetin bu çıxışından sonra bir sıra milis əməkdaşları RF daxili işlər orqanlarından xaric edilmişlər.
“Azerros” qəzeti, həmçinin, Rusiya Jurnalistlər İttifaqının diplomları, fərmanları, mükafatları, DİN-in fəxri fərmanı, RF-də insan hüquqları üzrə müvəkkilin diplomları ilə təltif olunmuşdur. Qəzet “İnsan hüquqları və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi” məsələlərinin işıqlandırılmasında milli mətbuat müsabiqəsinin “Milli, dini və mənşə əlamətinə görə ayrı-seçkilik” nominasiyasının diplomantıdır.