REGİONLAR
Abşeron rayonunda “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri mükafatlandırılıb
Xırdalan, 10 may, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan məktəblilər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyununun rayon çempionatının final mərhələsi keçirilib.
İntellektual yarış Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının dəstəyi, Gənclər və İdman İdarəsi, “Məktəbli Liqası” Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyi, Təhsil Şöbəsi və “Consensus İntellectual Center”in birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova bildirib ki, intellektual oyunun keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun zəngin irsini və ideyalarını böyüməkdə olan gənc nəslə aşılamaq, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmrəliyev və digərləri ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Sonra intellektual yarışa start verilib. Yarışda hər komandanın tərkibində 5 nəfər olmaqla, 16 komanda iştirak edib.
Yanvarın 22-də başlanan intellektual oyunun I mərhələsində Abşeron rayonunun orta məktəblərinin 37 komandası mübarizə aparıb. Oyunun yekun nəticələrinə əsasən Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin “Fateh” komandası 19 xal toplayaraq I, Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin “Zirvə” komandası II, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin “Zəfər” komandası isə III yeri qazanıb.
Qaliblərə Gənclərin İnkişaf və Karyera mərkəzinin Abşeron nümayəndəliyi tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.