CƏMİYYƏT
Abşeron rayonunda azyaşlı oğlunu velosiped oğurlamağa təhrik edən ata və soyğunçuluq edən şəxs saxlanılıb
Bakı, 11 avqust, AZƏRTAC
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli binaların yeraltı dayanacaqlarında velosipedləri oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Xırdalan şəhər sakini Mahir Mirzəbəyov saxlanılıb. Araşdırma zamanı müəyyən olunub ki, o, azyaşlı oğlunu binaların dayanacaqlarında sakinlərə məxsus velosipedləri oğurlamağa təhrik edib. M.Mirzəbəyov isə kənardan oğurluq hadisəsini müşahidə edib. Ata və övladının bu hərəkətləri binaların dayanacağında quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Azyaşlı velosipedləri oğurlayandan sonra atasına təhvil verib. M.Mirzəbəyov isə velosipedləri dəyər-dəyməzinə satıb.
Oğurlanan velosipedlərdən bəziləri aşkarlanaraq maddi sübut kimi götürülüb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat zamanı isə Xırdalan şəhərində yetkinlik yaşına çatmayan bir nəfərin dəyəri 600 manat olan mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alan şəxs saxlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini Bəxtiyar Məmmədov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. O, ifadəsində törətdiyi əməli etiraf edib.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində təhqiqat aparılır.