CƏMİYYƏT
Abşeron rayonunda ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslər cərimələniblər VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində növbəti profilaktik tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. İctimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər polis əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin profilaktik tədbir zamanı fəaliyyətinə icazə verilən obyektlərdə sanitar-karantin qaydalarına əmək etməyən şəxslər müəyyən edilib və onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbiri görülüb. Mağazalara tibbi maskasız daxil olan alıcılar, həmçinin tibbi maskalardan düzgün istifadə etməyən şəxslər polislər tərəfindən cərimələniblər. İnsanların sıx toplaşdıqları yerlərdə virusun yayılma ehtimalı artdığından polis əməkdaşları tərəfindən həmin məkanlar nəzarətdə saxlanılıb. Qeyd edilən yerlərdə insanlar arasında ara məsafəsinin saxlanılması təşkil olunub. Sumqayıtda keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 30-a yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib.
Abşeron rayonu ərazisində COVID-19 infeksiyasının yayılmasının qarşının alınması istiqamətinə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.