REGİONLAR
Abşeronda yaşayan şəhid övladları üçün bayram şənliyi
Xırdalan, 26 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Vətən oğulları” adlı tədbir keçirilib. Tədbirdə rayon ərazisində yaşayan şəhid və qazi övladları, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla anıblar. Daha sonra Vətənimizin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, şəhid və qazilərimiz ən müqəddəs amal - Vətənimizin bütövlüyü uğrunda döyüşüb və canlarını fəda ediblər. Qəhraman igidlərimiz ən dərin hörmətə layiqdirlər.
Qeyd edilib ki, şəhidlərimizin sayəsində xalqımızın 30 illik vətən həsrətinə son qoyuldu. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, doğru qərarları sayəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, ölkəmiz regionda söz sahibi oldu. Hazırda respublikamızda şəhid və qazi ailələrinin, bu qəbildən olan insanların bütün problemlərinin həlli istiqamətində əməli tədbirlər görülür.
Sonra Abşeronda fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət məktəblərinin şagirdlərinin ifasında konsert proqramı təqdim olunub.
Sonda şəhid və qazi ailələri ilə görüşən rayon rəhbərliyi onların problemləri və qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.
Tədbirin sonunda şəhid və qazi övladlarına müxtəlif hədiyyələr təqdim olunub.