DÜNYA
Abu-Dabi Luvru sürücüləri radio vasitəsilə idarə edilən qalereya ilə təəccübləndirdi
Bakı, 22 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) avtomobil magistralının tarixində ilk dəfə olaraq Abu-Dabi Luvr muzeyinin təşəbbüsü ilə əsl bədii ekspozisiya açılıb. “BƏƏ-nin innovativ ayı”nı qeyd etmək məqsədilə Abu-Dabi Luvru qeyri-adi layihəyə – radio ilə idarə edilən qalereyaya start verib. Dubay - Abu-Dabi trası boyunca 8х6 metr ölçüsündə bilbordlarda yerləşmiş vizual hissəyə Abu-Dabi Luvr muzeyindən onlarca məşhur eksponat daxildir.
Bir neçə yerli radiostansiya (Abu Dhabi Media Company, Radio 1 FM və digərləri) ilə tərəfdaşlıq sayəsində sürücülər yanından keçdikləri hər eksponat haqqında 30 saniyəlik audioçarxa avtomatik qulaq asacaqlar. Qalereya bu qəbildən ilk və yeganə audiovizual eksperimentdir.
Mədəniyyət və biliyin inkişafı naziri və “Abu Dhabi Media”nın sədri Nura Al Kaabi deyib: “Bu təşəbbüs Abu-Dabini mədəniyyət və incəsənətin inkişafı üçün innovativ texnologiyaların fəal istifadəçilərindən birinə çevirir. Bu sahədə gələcək irəliləyiş strategiyasına müvafiq olaraq yaxın yeddi ildə BƏƏ dünyanın ən innovasiyalı ölkələri arasında aparıcı mövqe tutmağa çalışacaq”.
Abu-Dabi mədəniyyət və turizm departamentinin sədri Məhəmməd Xəlifə Al-Mübarək mövzuya belə yekun vurub: “Abu-Dabi Luvru binasının hüdudlarından kənarda innovativ muzeyin yaradılması incəsənəti daha geniş kütlələr üçün əlçatan edir. Ümidvarıq ki, bu metod insanlara incəsənəti yeni tərzdə duymağa kömək edəcək”.
“Seih Shuaib”dan “Rahba City”dək 100 kilometrlik yol boyunca yerləşən ekspozisiya bir ay fəaliyyət göstərəcək. Sərgiyə “Mari-cha Lion” (1000-1200-ci illər), Pit Mondrianın “Göy, qırmızı, sarı və qara ilə kompozisiyalar”ı, Leonardo da Vinçinin “Gözəl Ferronyera”, Vinsent van Qoq, Eduard Mane və başqalarının bir neçə işi daxil edilib.
Abu-Dabi Luvru əlavə olaraq mədəni proqramının may ayınadək davam edəcəyini və bir neçə layihədən ibarət olacağını bildirib. Onların sırasında uşaqlar üçün Koreya kukla teatrının, violonçel ifaçısı Sonia Uayder-Azertonun və rəqqasə Şantala Şivalinqappanın solo çıxışları, “Love and Revenge” konserti də var.
Xatırladaq ki, 2017-ci il noyabrın 11-də açılmış Abu-Dabi Luvru Pritsker mükafatının qalibi olan memar Jan Nuvel tərəfindən layihələndirilib. O, BƏƏ paytaxtında muzey kompleksi üçün nadir dizayn yaradıb. Burada qiymətli sənət əsərləri kolleksiyası (600-dən çox eksponat) təqdim edilir. Onlardan 300-ü Fransanın məşhur 13 muzeyindən götürülüb.
Emil Eyyubov