ELM VƏ TƏHSİL
Ədəbiyyat Muzeyinə virtual ekskursiyaların təşkili davam edir
Bakı, 15 aprel, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş virtual görüşlərin keçirilməsi davam edir.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, bu münasibətlə keçirilən növbəti tədbirdə muzey əməkdaşları 264 saylı orta məktəbin müəllim və şagirdləri ilə Nizami Gəncəvi ekspozisiyası üzrə virtual ekskursiya aparıblar.
Ekspozisiyanın qorunması, izahı və audiomüşayiətin təmini şöbəsinin baş laborantı Aygün Abbasquliyeva və Təhsil şöbəsinin baş mütəxəssisi Mehriban Vəliyeva məktəbin yuxarı sinif şagirdlərinə ekspozisiya zallarında nümayiş olunan süjetli xalılar, sənətkarlıq nümunələri, o cümlədən Nizami Gəncəvi yaradıcılığı barədə ətraflı məlumat veriblər.
Azərbaycan və rus dillərində aparılan ekskursiyaların əsas mövzusu “Xəmsə” hekayələrinin müxtəlif tətbiqi sənət nümunələrində, rəssamlıqda inikası haqqında olub.