DÜNYA
Ağ Evdə ABŞ və Türkiyə prezidentlərinin görüşü olub
Vaşinqton, 16 may, AZƏRTAC
Mayın 16-da ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb. İki ölkənin liderlərinin danışıqlarının əsas mövzusu terrorizmə qarşı mübarizədə əməkdaşlıq məsələləri olub. Məlumdur ki, ABŞ ilə Türkiyə bu məsələnin həllinə fərqli yanaşırlar. Belə ki, Vaşinqton Suriya və İraq kürdləri, o cümlədən PYD və YPG kimi qruplaşmalarla əməkdaşlıq edir, Ankara isə bu qruplaşmaları PKK ilə bağlı terrorçu qruplaşmalar hesab edir.
Danışıqlardan sonra dövlət başçıları bəyanatla çıxış ediblər. Prezident Tramp deyib ki, Türkiyə ilə ABŞ soyuq müharibə dövründən müttəfiqdirlər. Türkiyə əsgərləri Koreya müharibəsində amerikalı əsgərlərlə çiyin-çiyinə döyüşüblər və ABŞ bunu unutmayıb. Bu yaxınlarda Türkiyədə törədilən terror aktlarına toxunan Donald Tramp vurğulayıb ki, amerikalılar qurbanlara görə kədərlənir, Türkiyə xalqının dərdinə şərikdir. Prezident qeyd edib ki, regionda “İslam dövləti”nə və PKK- ya qarşı mübarizədə Türkiyənin addımlarını yüksək qiymətləndirir. O deyib ki, ABŞ Türkiyənin zorakılığın azaldılması və Suriya böhranının sülh yolu ilə həlli üzrə səylərini alqışlayır.
ABŞ ilə Türkiyə arasında ticarət əlaqələri də müzakirə edilib. Sonda Donald Tramp vurğulayıb ki, ABŞ regionda ümumi təhdidlərə qarşı mübarizədə Türkiyə ilə əməkdaşlığı davam etdirməyə hazırdır.
Prezident Rəcəb Tayyip Ərdoğan qonaqpərvərliyə görə ABŞ Prezidentinə təşəkkür edərək bildirib ki, ABŞ ilə Türkiyə arasında uzun müddət davam edən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli əməkdaşlığın əsasını təşkil edən məsələlərə dair danışıqlar olub. ABŞ ilə Türkiyə arasında münasibətlər ümumi dəyərlər və maraqlar üzərində qurulub. O vurğulayıb ki, ABŞ ilə Türkiyənin narahat regionda sıx əməkdaşlığı bütün dünyaya örnək olmalıdır. R.T. Ərdoğan bildirib ki, bu səfərin Amerika-Türkiyə münasibətləri üçün tarixi səfər olacağına inanır. Onun ölkəsi iqtisadiyyat, ticarət, qarşılıqlı sərmayə yatırımı, müdafiə sənayesi sahələrində ikitərəfli əlaqələri genişləndirmək niyyətindədir.
Türkiyə Prezidenti regionda vəziyyətin pisləşməsində PYD, YPG və PKK kimi terrorçu təşkilatların pozuculuq fəaliyyətini qeyd edib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşiuqnton