REGİONLAR
Ağcabədi pambıqçılarının yeni hədəfi: gələn il pambıq sahələri 8 min hektara çatdırılacaq
Ağcabədi, 19 sentyabr, AZƏRTAC
Ağcabədi Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 17-də Sabirabad rayonunda keçirilən müşavirədə pambıqçılığın inkişafı ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, pambıq istehsalçılarının, fermerlərin, kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi toplantıda pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, pambıq yığımı mövsümünün başlanması ilə əlaqədar görüləcək işlərdən danışılıb. Məlumat verilib ki, bu il rayon üzrə ötən illə müqayisədə 2,5 dəfə çox - 3661 hektar sahədə pambıq əkilib. Fermerlər pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi filialı və “CTS Aqro” MMC-nin Ağcabədi pambıq istehsalı və emalı zavodu ilə müqavilə əsasında becəriblər.
Rayonda pambıqçılığın inkişafı istiqamətində görülmüş müvafiq tədbirlər nəticəsində 2017-ci ildə 8000 hektarda pambıq əkilməsi nəzərdə tutulur. Artıq gələcək əkinlər üçün hazırlıq işlərinə başlanılıb, əkiləcək pambıq sahələri müəyyən edilib.
Sonda pambıqçılıqla məşğul olan fermerlərin fikir və təklifləri dinlənilib, “ağ qızıl”ın vaxtında və itkisiz yığılması üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Yığıncaqda Milli Məclisin deputatı Tahir Rzayev də iştirak edib.