CƏMİYYƏT
Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Ağcabədidə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müəllimlərin, gənclərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutan seminar-treninqdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva rayondakı dini durum barədə ətraflı məlumat verib. Qeyd edib ki, rayon ərazisində dini durum sabitdir, dindarlara və dini icmalara diqqət və qayğı göstərilir.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov respublikamızda ictimai-siyasi sabitliyin hökm sürdüyünü, dövlət-din münasibətlərinin yüksək səviyyədə təmin olunduğunu diqqətə çatdırıb. Dini radikalizm və onunla mübarizə yollarından danışan sədr müavini bildirib ki, hüquq mühafizə orqanları ölkəmizdə ekstremizmin və radikallıq meyillərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikal təriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdə fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşən gənclərlə bağlı həyata keçirilən tədbirlər bu fikri təsdiq edən amillərdəndir. G.İsmayılov onu da deyib ki, ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının qanunlarında da öz əksini tapıb. DQİDK-nın sədr müavini vurğulayıb ki, Dövlət Komitəsi radikalizmlə mübarizə tədbirləri çərçivəsində dini maarifləndirmənin xüsusən gənclər arasında aparılmasının tərəfdarıdır.
Gündüz İsmayılov bildirib ki, yad dini ideologiyaların yayılması cəhdlərinin qarşısının alınmasında gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılması xüsusi önəm daşıyır. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərin təbliğində, eləcə də maarifləndirmə işinin aparılmasında bütün vətəndaşlar fəal iştirak etməlidirlər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.