REGİONLAR
Ağdam pambıqçıları bu günədək 328 tondan artıq məhsul tədarük ediblər
Ağdam, 6 oktyabr, AZƏRTAC
Ağdam rayonunda pambıq yığımı kampaniyası davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2021-ci ildə 1086,9 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 540 hektarı “Azərpambıq” MMC, 640 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında olmaqla 2236,9 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib və nəticədə tarlalarında bol məhsul yetişib.
Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi (defolyasiya) həyata keçirilib. Pambıq yığımına kifayət qədər kombayn, traktor və qoşqu cəlb edilib. Artıq sahələrdən 328,41 ton məhsul əldə olunub. Ağdamlı “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq üçün əzmlə çalışırlar.
Qeyd edək ki, 2020-ci ildə Ağdam rayonunda 2120 hektar sahədə pambıq əkilib, 7100 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33,49 sentner olub.