REGİONLAR
Ağdamda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edilib
Ağdam, 26 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda ərazilərimizin işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Vətən müharibəsi iştirakçılarına və şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə orden və medallar təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində tədbir davam edən tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər və bir qrup hərbçi iştirak edib. Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, Azərbaycan Ordusunun yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə bu istiqamətdə qazanılan uğurlardan, o cümlədən 1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel zəfəri, 2018-ci il Günnüt qələbəsi və 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs ediblər. Bildirilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı.
Qeyd olunub ki, bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah-sursat, döyüş texnikası ilə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və sağlamlıqlarını itirmiş vətəndaşlara dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir, bu kateqoriyadan olan insanlara həssaslıqla yanaşılır. Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və şəhidlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Sonra şəhidlərin valideynlərinə və döyüşçülərə orden və medallar təqdim edilib. Şəhid ailələrinin üzvləri şəhidlərimizə və onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar övladlarının şəhidlik zirvəsinə ucalmaları ilə qürur duyduqlarını bildiriblər.
Tədbirdə 44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə fərqlənmiş bir qrup şəxsə rayon icra hakimiyyəti başçısının fəxri fərmanı təqdim olunub.