REGİONLAR
Ağdaşda “Şəhidlər ölməz” adlı fərdi sərgi açılıb
Ağdaş, 21 may, Rəşad Türkoğlu, AZƏRTAC
Ağdaş rayonu Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə yerli rəssam Məlahət İsmayılın “Şəhidlər ölməz” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, burada sərgilənən əsərlər Vətən müharibəsində mərdliklə döyüşüb şəhidlik zirvəsinə ucalmış ağdaşlı igidlərin portretlərindən ibarətdir. Rəssam ayrı-ayrılıqda hər bir şəhidin portretini çəkib, hər şəhidin portretinə individual yanaşıb. Otuz altı portretdən ibarət sərgidə Qarabağ müharibəsi, qəhrəman əsgərlərimizlə bağlı daha bir neçə əsər də nümayiş olunur. Ümumilikdə, sərgidə 50-dən çox əsər sərgilənir.
Sərginin açılışına qatılan şəhid anası Reyhan Əliyeva deyib: “Bu gün açılan sərgi bizə bir təsəllidir, dəstəkdir. Bu şəkillərə baxıb, sanki nəfəs alırıq”.
Rayonun gənc rəssamları sərgi zamanı elə yerindəcə müharibə mövzusunda sərbəst rəsmlər çəkiblər. Musiqi məktəbinin şagirdləri Azərbaycan bəstəkarlarının lirik əsərlərini canlı olaraq ifa ediblər. Rəssam hazırladığı portretləri şəhid ailələrinə hədiyyə edib.
“İçimdə bir hiss var idi ki, şəhidlərin portretlərini çəkəm, qəhrəmanlıq obrazlarını yaradam və bu, onların ailələrinə kiçik bir töhfəm olsun. Onların yaralarına su səpə bilim. Portretləri çəkdim onlarla tez-tez danışdım, görüşdüm. Ailələri tanıdıqca o simaları, xarakterləri yaratmaq mənə asan oldu. Bəzən şəhidimiz ailənin hansısa üzvünə çox bənzəyirdi. Onlardan ilhamlanaraq çəkirdim. Bu, mənim üçün qürurdur”, - deyə rəssam Məlahət İsmayıl bildirib.
Sərgi zamanı şagirdlərin ifasında şəhidlərə, Vətənə dair ədəbi-bədii kompozisiyalar göstərilib.
Qeyd edək ki, sərgidə ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, gənclərlə bərabər, məktəblilər də iştirak edib.