CƏMİYYƏT
Ağstafa rayonunda koronavirusa yoluxduğunu bildiyi halda avtomobili ilə sərnişin daşıyan şəxs barəsində cinayət işi başlanıb
Bakı, 23 noyabr, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədilə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Ağstafa Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, noyabrın 7-də COVID-19 virusu ilə bağlı test analizi verən rayon sakini 1964-cü il təvəllüdlü Qadirli Ramiz Əziz oğlu testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, bir gün sonra idarə etdiyi “VAZ-2106” markalı avtomobillə sərnişin daşıyaraq epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.