REGİONLAR
Ağstafa rayonunun Kür çayı sahilində yerləşən 11 yaşayış məntəqəsinə daşıyıcı qaz xətti çəkilir
Ağstafa, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Ağstafa Rayon İcra Hakimiyyətində cari ilin üç ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2015-ci ilin birinci rübündə Ağstafa rayonunda ümumi məhsul buraxılışının həcmi 2,3 faiz, o cümlədən sənaye məhsulunun həcmi 3,2 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 6,5 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1,1 faiz artıb. Cari ilin birinci rübündə rayonda aparılan tikinti işlərinin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 51,5 faiz, nəqliyyat və rabitə xidmətləri 5,3 və 5,2 faiz, ticarət dövriyyəsi 5,6 faiz çox olub. 2015-ci ilin birinci rübündə rayonda əsas kapitala yönəldilən investisiyanın həcmi 22,7 faiz çoxalıb. Cari ildə rayonda abadlıq, tikinti işlərinin sürətlə aparılması təmin olunub. Hazırda Ağstafa şəhərinin C.Cabbarlı, E.Qələmçəli və N.Kəsəmənli küçələri yenidən qurulur. Poylu kəndində 55 yerlik uşaq bağçası-körpələr evinin tikintisinin layihə sənədlərinin hazırlanması başa çatmaq üzrədir. Rayonun Kür çayının sol sahilində yerləşən 11 yaşayış məntəqəsinin qazlaşması üçün daşıyıcı qaz xəttinin çəkilişi davam edir. Saloğlu və Soyuq bulaq qəsəbələrində qazlaşma layihəsinin həyata keçirilməsinə başlanılıb.
Rayon icra hakimiyyəti başçısının müavini L.Eyyubova, memarlıq və tikinti şöbəsinin müdiri S.Mustafayev, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini R.İmanov, informasiya təminatı və təhlil sektorunun müdiri K.Abbasov yığıncağın gündəliyinə daxil olan digər məsələlər barədə məlumat veriblər.
Sonra müvafiq idarə və təşkilat rəhbərlərinin çıxışları dinlənilib, müzakirə edilən məsələlərin həlli ilə əlaqədar tövsiyə və tapşırıqlar verilib.