REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Beyləqanda vətəndaşları qəbul edib VİDEO
Beyləqan, 19 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.
AZƏRTAC xəbər verir ki, qəbul cədvəlinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova fevralın 19-da Beyləqan şəhərindəki Gənclər Mərkəzində Beyləqan, Ağcabədi, Laçın, Xocavənd, Tərtər, Füzuli, Bərdə və Ağdam rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbulda Komitə sədri tərəfindən vətəndaşların fikir və təklifləri dinlənilib. Vətəndaşlar əsasən erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma, sağlamlıq məsələləri və məcburi köçkünlərin evlə təminatı ilə əlaqədar müraciətlər ediblər. Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb.
Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova, həmçinin Beyləqan rayonunun fəal qadınlarının bir qrupu ilə də görüşüb.