REGİONLAR
“Ailəm” müsabiqəsinin İsmayıllıdan olan qalibi mükafatlandırılıb
İsmayıllı, 2 iyun, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQURDK) keçirdiyi “Ailəm” müsabiqəsinin “Ən yaxşı videomaterial” nominasiyası üzrə qalibi olan İsmayıllı şəhərindən Süleymanovlar ailəsinə mükafat təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqə Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə mübarizə şəraitində söylədiyi “Biz birlikdə güclüyük” çağırışına dəstək olmaq, xüsusi karantin rejimi ilə əlaqədar ev şəraitində asudə vaxtını səmərəli və faydalı keçirməyi stimullaşdırmaq məqsədilə təşkil edilib. Müsabiqəyə 23 ailə tərəfindən 26 video və 17 foto material təqdim olunub. Qəbul edilən materialların müsabiqənin məqsədinə uyğunluğu, orijinallığı, keyfiyyəti, məzmunu kimi meyarlar əsasında münsiflər heyəti tərəfindən qiymətləndirilib. Zaqatala rayonundan olan Məmmədovlar ailəsi “Ailəm” müsabiqəsinin “Ən yaxşı fotomaterial” nominasiyası üzrə, İsmayıllıdan olan Süleymanovlar ailəsi isə “Ən yaxşı videomaterial” nominasiyası üzrə qalib seçiliblər.
AQURDK-nin aparat rəhbəri Ceyhun Rəhmətullayev İsmayıllıda Təranə Süleymanovanın ailəsində olub, ailəyə komitənin sədri Bahar Muradovanın təbrikini çatdırıb, fəxri fərman və qiymətli hədiyyə təqdim edib. Mükafatlandırma mərasimində iştirak edən rayon rəhbərliyi, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov qalibləri təbrik edib, kiçikyaşlı ailə üzvlərinə hədiyyələr veriblər.