CƏMİYYƏT
Akif Qurbanov: Mikroblar qoruyuculuq funksiyasını yerinə yetirir
Bakı, 16 iyul, AZƏRTAC
Mikrob və ya mikroorqanizmlər barədə danışanda, adətən, qorxmağa başlayırıq. Lakin mikrobların hər birindən qorxmaq lazım deyil. Çünki mikroorqanizmlərin əksəriyyəti xəstəlik törətmir. Bədənimizdə məskunlaşan kiçik orqanizmlər bizim normal mikrofloramızı təşkil edirlər. Xaricdən dəri, daxildən isə selikli qişalarla əhatə olunduğumuz üçün mikroblar da daha çox bu hissələrdə məskunlaşırlar. Selikli qişaların distal hissələri olan ağız boşluğu və yoğun bağırsaq mikroorqanizmlərlə daha zəngindir. Beləliklə, insan orqanizmində olan mikrob növlərinin sayı 100 minlərlədir. Lakin bədənimizdə elə orqanlar da var ki, onlar ümumiyyətlə mikrobsuzdur. Yəni, bu orqanlara mikrobların daxil olması birmənalı olaraq xəstəliklə nəticələnir. Məsələn, hətta xəstəlik törətməyən mikroorqanizm qana (mikrobsuz orqan) daxil olarsa, mütləq xəstələnmə baş verər.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.
O bildirib ki, normal mikroflora deyəndə əsasən bağırsaqların mikroflorası nəzərdə tutulur. Mikroblar bağırsaqlarda həzm prosesi və bir qrup vitaminlərin sintezində iştirak edirlər. Bundan başqa, mikroblar selikli qışalara yapışmaqla digər xəstəlik törədənlərin ora birləşməsinə mane olurlar. Beləliklə normal mikroflora qoruyuculuq funksiyasını yerinə yetirir. Zərərsiz mikrobların antigenləri immun sistem hüceyrələri ilə daimi təmasda olub müəyyən antigen qıcığı rolunu oynayır. Bu, bizim immun sistemimizi tonusda saxlayır.
A.Qurbanovun dediyinə görə, orqanizm zərərsiz mikroblar olmadan yaşaya bilməz. Normal mikrofloranın rolunu öyrənən Qnotobiologiya elmi son dövrlər inkişaf edir. Bu, mikrobsuz həyatı öyrənən elmdir. Elmin obyekti mikrobsuz heyvanlardır. Misal üçün steril kamerada yeni doğulmuş ağ siçanın mikrobsuz qidası, suyu, havası olarsa, təbii ki, heyvan orada yaşaya bilər. Həmin siçan qnotobiot heyvan adlanır. Tədqiqatlara görə, qnotobiot heyvanlar yalnız normal həyat şəraitinə çıxana qədər yaşaya bilərlər. Qnotobiot heyvan normal həyata çıxarılan kimi tələf olur. Belə nəticəyə gəlinir ki, mikrobsuz həyat mümkün deyil. Mikrob olmadıqda immun sistemi, demək olar ki, inkişaf etmir. Normal mikroflora bizim həyatımız üçün çox əhəmiyyətlidir. Mikrobioloji terapiya da məhz bu prinsip üzərindən start götürərək inkişaf etməyə başlayıb.