DÜNYA
Əlcəzairdə parlament buraxılıb və ölkədə növbədənkənar seçkilər elan edilib
Qahirə, 19 fevral, AZƏRTAC
Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Milli Xalq Assambleyasının buraxıldığını və ölkədə növbədənkənar seçkilərin keçiriləcəyini elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə rəsmi APS informasiya agentliyi məlumat yayıb.
Prezident Tebbun xalqa müraciətində bildirib ki, yeni seçkilər şəffaf keçiriləcək. O, dövlətin gənc siyasətçiləri dəstəkləyəcəyini də vurğulayıb. Dövlət başçısı etiraz nümayişində iştirak edən 60 nəfərin də həbsdən azad olunması barədə göstəriş verib.
Əlcəzairin buraxılan parlamentinin üzvlərinin əksəriyyəti keçmiş hakimiyyətin tərəfdarlarıdır. Onlar ölkədə islahatların keçirilməsinə əngəl törətməkdə ittiham edilir. 2019-cu ildə Prezident seçilən Ə.Tebbun bəyan edib ki, parlamentin səlahiyyətləri artırılacaq, ölkənin yeni konstitusiyası qəbul ediləcək və dövlət büdcəsinin 60 faizinin neftdən asılı olduğu Əlcəzairdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə