SİYASƏT
Əli Hüseynli: Yeni qanun layihəsi on minlərlə insana daşınmaz əmlakını sənədləşdirməyə imkan verəcək
Bakı, 15 mart, AZƏRTAC
“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanununda dəyişikliklə bağlı qanun layihəsi əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsinə, habelə vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti çərçivəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi məqsədilə hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin martın 15-də Milli Məclisdə keçirilən birgə iclasında deyib.
Əli Hüseynli diqqətə çatdırıb ki, ötən müddət ərzində bəzi tikinti obyektlərində tikinti işləri zamanı şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmayıb və ya sənədləşdirmədə ciddi qüsurlar buraxılıb. Bəzi hallarda sakinlərin hüquq və maraqlarının nəzərə alınmaması tikinti obyektlərinin rəsmiləşdirilməsində problemlər yaradıb.
Onun sözlərinə görə, tikinti obyektlərinin istismarına icazə prosedurunu və müddətini optimallaşdırmağa, bu sahədə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilmiş qanun layihəsi əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasını özündə ehtiva edir.
İşğaldan azad edilmiş ərazilərdə arxitektura planlaşdırma işlərinin aparıldığını qeyd edən Milli Məclis sədrinin müavini yeni qanun layihəsinin on minlərlə insanın daşınmaz əmlakının sənədləşdirilməsi üçün imkanlar yaratdığını bildirib.