CƏMİYYƏT


Ali Məhkəmənin sədri Zaqatala rayonunda vətəndaşları qəbul edib

Bakı, 17 iyun, AZƏRTAC

Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 17-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Zaqatala rayonunda Zaqatala, Qax və Balakən, eləcə də digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Zaqatala rayonunda ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Sonra Ali Məhkəmənin sədri Zaqatala rayonunda yerləşən müasir standartlarla inşa edilmiş Heydər Əliyev Mərkəzinə səfər edib və orada yaradılmış şəraitlə yaxından tanış olub.

Görüş zamanı Ali Məhkəmənin sədri görüşə gələn hər bir vətəndaşın məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərini dinləyərək, qaldırılan məsələlərin araşdırılması və onların qanunauyğun şəkildə həll edilməsi üçün Ali Məhkəmə Aparatının qəbulda iştirak edən məsul işçilərinə müvafiq tapşırıqlar verib.

Bölgə sakinləri onların müraciətlərinə daim diqqət və həssaslıqla yanaşılmasına, bölgələrdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər çərçivəsində Ali Məhkəmənin sədri Zaqatala Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, Şəki Apellyasiya Məhkəməsinin, Şəki Ağır Cinayətlər Məhkəməsinin, Şəki, Zaqatala, Balakən və Qax rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə müşavirə keçirib.

Azərbaycanın qanunvericilik bazasının və məhkəmə-hüquq sahəsində son illərdə həyata keçirilən islahatların hüquqi dövlət quruculuğuna müsbət təsirindən danışıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiyalarının məhkəmə təcrübəsinin vahidliyini təmin edən qərardadlarının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi istiqamətində gələcəkdə də görüləcək işlərin labüdlüyünü bildirib.

Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından və məhkəmə fəaliyyəti üçün mühüm yol xəritəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrasından irəli gələn məsələlər müzakirə olunub.

Məhkəmə fəaliyyətində şəffaflığın artırılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması ilə bağlı müvafiq tövsiyələr verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.