REGİONLAR
Ali məktəbə yüksək balla qəbul olunan Qubadlı məzunları mükafatlandırılıb
Sumqayıt, 9 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Qubadlı Rayon İcra Hakimiyyətinin akt zalında 2020-2021-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə edərək tələbə adını qazanan məzunlarla görüş keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin və Təhsil şöbəsinin rəhbərliyi, məktəb direktorları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Təhsil şöbəsinin müdiri Fuad Bədəlov ötən dərs ilinin yekunlarından, ali məktəbə qəbul zamanı rayon məktəblərinin məzunlarının əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirilib ki, cari ildə 583 məzundan 507-si ali məktəblərə qəbul imtahanlarında iştirak edib və onlardan 374 nəfəri uğur qazanıb. Qəbul imtahanlarında iştirak edən 66 məzun 500-600 arası, 20 məzun isə 600-700 arası bal toplayıb. Fuad Bədəlov bu il rayon üzrə qəbul faizinin 74 faiz təşkil etdiyini vurğulayaraq, rayon üzrə ən yüksək nəticənin C.Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunu Qasımova Röya Anar qızının göstərdiyini söyləyib. O, 683,3 bal toplayıb. Eyni zamanda, respublika üzrə ən yüksək nəticəni 697 balla Xanlıq kənd sakini Şəfiyev Əbil Üzeyir oğlu əldə edib.
Daha sonra tələbə adını qazanan gəncləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Malik İsaqov ölkəmizin son illər əldə etdiyi uğurlardan, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunmasından danışıb, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində qazanılan nailiyyətlərin Azərbaycanı qüdrətli ölkəyə çevirdiyini vurğulayıb.
Qeyd olunub ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilən irimiqyaslı layihələr, məqsədyönlü islahatlar nəticəsində əldə olunan dinamik inkişaf təhsil sektorunda da hiss olunmaqdadır. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, təhsil hər bir xalqın gələcəyidir. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Prezidentin rəhbərliyi ilə hər zaman təhsillə bağlı islahatlar aparılıb, müvafiq dövlət proqramları həyata keçirilib. Bu proqramlar əsasında məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımlar atılıb. Bu zamana qədər qəbul edilmiş təhsil proqramları məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, bu il rayonun Çaytumas kənd məktəb liseyi, Mərdanlı və Xocahan kənd tam orta məktəbləri qəbul imtahanlarında 100 faiz nəticə göstəriblər. Belə ki, Çaytumas məktəb-liseyini bitirən 41, Mərdanlı kənd tam orta məktəbini bitirən 12, Xocahan kənd tam orta məktəbində isə ali məktəblərə sənəd verən 14 məzunun hamısı tələbə adını qazanıb.
Sonra çıxış edən təhsil işçiləri, valideynlər və məzunlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda bir qrup təhsil işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı, yüksək bal toplayan gənclərə isə mükafatlar təqdim olunub.