CƏMİYYƏT
Allen Alen: Azərbaycanda dinlərarası harmoniyanın və etnik-dini tolerantlığın şahidi oldum
Bakı, 12 noyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov noyabrın 12-də Beynəlxalq Vineyard Kilsələri Assosiasiyasının rəsmi nümayəndəsi Allen Alen ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qonağa ölkəmizdəki sabit dini durum, tolerant və multikultural mühit barədə məlumat verən Səyavuş Heydərov Azərbaycandakı etnik və dini dözümlülüyün tarixi ənənələrə əsaslandığını və cəmiyyətimizin tələbi olduğunu deyib. Sədr müavini ölkəmizdə dinlərarası harmoniyanın yaradılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, dini konfessiyaların qanun qarşısında bərabər olması, digər dinlərə məxsus ibadətgahların bərpa edilməsi, dini icmalara mütəmadi maliyyə yardımlarının ayrılması Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir. O, həmçinin dünyada etnik və dini zəmində münaqişələrə bilərəkdən rəvac verildiyi, dini radikalizm və ekstremizm meyillərinin gücləndiyi bir dövrdə sülhə və sabitliyə nail olmaqda tolerantlıq prinsiplərinin təşviq edilməsinin əhəmiyyətinə toxunub. Azərbaycan xalqının tarixən formalaşmış tolerantlıq ənənələrinin və multikultural dəyərlərinin öyrənilməsinə, təşviq edilməsinə böyük ehtiyac olduğunu bildirən S.Heydərov bu həqiqətin VI Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışlarda da etiraf olunduğunu qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan sədr müavini Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsinin, Azərbaycan ərazilərini işğal altında saxlamasının təkcə ölkəmizdə deyil, bütün regionda sülhün bərqərar olmasına, dinlərarası əməkdaşlığın formalaşmasına ciddi problemlər yaratdığını diqqətə çatdırıb.
Beynəlxalq Vineyard Kilsələri Assosiasiyasının rəsmi nümayəndəsi Allen Alen Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun gerçəkləşməsi üçün atdığı addımları yüksək qiymətləndirib. Ölkəmizdə şahidi olduğu dinlərarası harmoniya və etnik-dini tolerantlıqdan bəhs edən qonaq “Vineyard Azərbaycan” xristian dini icmasının fəaliyyətinə göstərilən dəstəyə və qayğıya görə minnətdarlığını ifadə edib.