DÜNYA
Almaniya həbsxanalarında boş yer qalmayıb
Berlin, 25 aprel, AZƏRTAC
Almaniya həbsxanalarında boş yer qalmayıb. AZƏRTAC “Funke Mediengruppe” media holdinqinin 16 federal vilayətin ədliyyə nazirliklərinin iştirakı ilə keçirdiyi sorğuya istinadla xəbər verir ki, ayrı-ayrı hallarda (Baden-Vürtenberq vilayətində olduğu kimi) həbsxanalardakı sıxlıq 100 faizə çatır.
Bu göstəricidən bir qədər geri qalan Bavariya, Reynland-Pfalts, Berlin, Bremen və Hamburqdakı penitensiar müəssisələrdir. Onlarda sıxlıq 2017-ci ildə orta hesabla 90 faiz təşkil edib. Ekspertlərin rəyinə görə, bütün yerlərin 85-90 faizinin dolması, tam sıxlıq deməkdir.
Bununla yanaşı, bir çox vilayətlər həbsxana əməkdaşlarına qarşı hücumların sayının artmasından şikayət edirlər. Məsələn, 2016-2017-ci illərdə Şimali Reyn-Vestfaliyada bu halların sayı iki dəfə artaraq 72 faiz təşkil edib. Bunun əksinə, Bavariyada hücumların sayı 65-dən 50-yə düşüb.
Hesabatda qeyd olunur ki, vilayətlərin ədliyyə nazirliklərini xüsusilə narahat edən islamçı məhbuslar kateqoriyasıdır. Belə ki, Hessenin azadlıqdan məhrumetmə yerlərində 2013-cü ildən bəri onların sayı üç dəfədən çox artıb.
Almaniya Penitensiar Müəssisələri Federal Birliyinin sədri Rene Müller “Funke Mediengruppe” ilə müsahibəsində bildirib ki, hazırda ölkənin cinayət-icra sistemi tamamilə yüklənib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin