DÜNYA
Almaniyada seçkilər: sağ radikalların uğuruna səbəb nədir?
Berlin, 26 sentyabr, AZƏRTAC
Almaniya Bundestaqına seçkilərin yekun nəticələri hesablanır. AFR KİV-lərinin bir çoxundan fərqli olaraq, alman sosioloqları seçkilərin nəticələrini sakit şərh edir, son illərin trendinə və seçicilərin davranışına diqqət yetirirlər.
Səsvermənin nəticələri onilliklərboyu Almaniyada seçicilərin elektoral davranışını izləyən alman sosioloqları və institutları üçün gözlənilməz olmadı. AZƏRTAC xəbər verir ki, bunun səbəbini Almaniyanın 4 aparıcı sosial institutunun nümayəndələri mətbuat konfransında izah ediblər.
Almaniyada Angela Merkelin XDİ/XSİ mühafizəkar blokunun 2017-ci ildəki (33 faiz) nəticələri dörd il əvvəl keçirilən seçkilərin yekunları ilə (41,5 faiz) müqayisə olunub. Səkkizdən çox bəndin itirilməsi, əslində, az əhəmiyyət kəsb etmir.
Kanslerin sosial-demokratlarla ilk “böyük koalisiya” adlanan idarəçiliyinin nəticəsi - 2009-cu ilin seçkiləri səciyyəvi olub. Həmin nəticə ilə müqayisədə mühafizəkarlar indi cəmi 0,8 faiz bənd itiriblər.
ASDP-dən olan sosial-demokratların budəfəki antirekordu (20,5 faiz) gözlənilən idi. Bu partiya 30 üstəgəl x faiz reytinqlə kansler postuna mümkün namizədlikdən artıq çoxdan uzaqlaşmağa başlayıb.
“Almaniya üçün alternativ” sağ populist partiyasının uğurunu (12,6 faiz) onunla izah etmək olar ki, bu partiya əvvəllər seçkiyə getməyən, həmçinin ifrat sağ partiyalara səs verən, ümidi kəsilmiş və qəzəbli seçiciləri ətrafında toplaya bilib.
Seçki kampaniyasının son həftəsində 2015-ci ilin mövzusu – qaçqınlar mövzusu alman KİV-lərində yenidən ön plana çıxdı. 2016-2017-ci illərdə ölkəyə mühacir axınının kəskin azalması xeyli seçici kütləsini daha həyəcanlandırmır. Sağ populistlər üçün isə, əksinə, bu, baş mövzu olaraq qalıb.
Həm digər partiyaların nümayəndələri, həm də jurnalistlər ksenofobiya, milli və qismən də irqçi tezisli “Almaniya üçün alternativ” partiyası ilə sərt polemikaya girməyi özlərinə borc bilirlər. Nəticədə “Almaniya üçün alternativ” partiyası daim media məkanında olub və gündəmdə qalıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin