SİYASƏT
Almaniyalı siyasətçi: Ermənistanın işğal etdiyi əraziləri qeyri-leqal şəkildə məskunlaşdırması beynəlxalq humanitar hüququn pozulmasıdır
Berlin, 14 sentyabr, AZƏRTAC
İşğal edilmiş torpaqlarda demoqrafiyanın süni şəkildə dəyişdirilməsi, həmin torpaqların yerləşdiyi ölkədən və ya regiondan asılı olmayaraq, beynəlxalq humanitar hüquqa ziddir.
Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
O deyib: “Livandan olan erməni ailələri qədim Azərbaycan şəhəri, hazırda Ermənistanın işğalı altında olan Şuşaya köçürülməsi barədə yaxın vaxtlarda yayılmış məlumatlar bütün dünyada ciddi narahatlıq doğurur, çünki bu, 1949-cu il Cenevrə konvensiyalarının pozulması deməkdir. Beynəlxalq birlik, o cümlədən Avropa İttifaqı Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tamamilə dəstəkləyir. Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyətin Ermənistan tərəfindən zorla dəyişdirilməsi dünyanın bu hissəsində beynəlxalq hüququn bərpa edilməsi məqsədilə aparılan sülh danışıqlarında irəliləyişə heç də kömək olmur. Ermənistan işğala son qoymalı, işğal edilmiş ərazilərin qeyri-qanuni şəkildə məskunlaşdırılmasını dayandırmalı, qaçqınlar isə öz evlərinə qayıtmalıdırlar”.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin